cahantv.az

SON DƏQİQƏ

QARMONDA AĞLADI SANKI O GECE

17-07-2017, 18:00 | Oxunub: 711

QARMONDA AĞLADI SANKI O GECE


Avtomobilə əyləşib işə tələsirdim. Sürücü radionu işə saldı. “Segah” çalınırdı. Bir anlıq hakim kəsildim çalğıya. Allah, Allah, bu nə “Segah” idi. Sanki, bizim olub bizsizləşən Şuşa, Laçın, Xocalı, Zəngilan, Cəbrayıl üçün ağı çalırdı. Övladı şəhid olan ananın, nişan üzüyü barmağında göz dağına dönən nişanlısı qaynar döyüşlərdə qəhrəmancasına həlak olan döyüşçü, nişanlısının ölümünə yanan, arzuları yarı yolda qalan xanımın naləsi, körpəsi erməni gülləsinə tuş gələn, gəlinciyi belə körpə qoynunda qalan kimi qıvrılan körpənin fəryadı idi bu “Segah”. Bəlkə də üzünü görmədiyi zabit oğlunun dünyaya atasız gələcək körpəsinin gəlişinə üsyanı idi, Allah! Sanki qarmon ağlayırdı, sanki qarmonun şirmayı dilləri dil açıb deyəcəkdi ki, gücüm yalnız yaşananları “Segah”ın ağrısıyla, sızıltısıyla sizlərə çatdırmağa çatır. Şuşada güllələnən abidələr, Xanın, Natəvanın, Seyidin, Ağabalanın, Yaqubun, Şövkətin, Rübabənin, Fatmanın, Əbülfətin, Saranın, Hacıbabanın, Tələtin, Qədirin vaxtsız gedişinin yağış seliydi, nakam ruhların, adsız məzarların narahatlığı, qürbətdə qalan doğmalarımızın qəbirlərindəki ruhların narazılığıdır? Bilmirəm, bir onu bilirdim ki, qarmon ağlayırdı o gecə. Bəsti, Şamama, Xuraman, Qızqayıt və təzəcə dünyadan köçən Minayə xanım, dünyaya səs salan mərhum xanım deputatlarımızın soyuq baxışlarına hopan istilik qığılcımıydı, bilmirəm? Qəlbləri riqqətə gətirən ifa ruhumu qoynuna alıb məni ruhunun odunda isidirdi. Bir də ayıldım ki, göz yaşlarım selə dönüb, könlüm parça-parça. Ürəyim qıyma-qıyma olub. Birdən ayılıram. İlahi, tez həmin anları yenidən yaşamaq istəyirəm. Təəssüf, ifa bitir, qarmon susur. Sanki arzularımız da susdu, bitdi o “Segah”la. Bənzərsiz, gənc qarmon ifaçısı Rəhman Cəbrayıllının çalğısı, ifasıydı, o “Segah”.
Ruhuma, damarlarıma, qanıma məlhəm kimi keçən, axan ifa. O ifa məni atalı dünyama apardı, əllərim daş məzarlıqdakı əlinə çatmayan anamın əlinə toxundu. Bu bir əfsanə idi. Bu bir sehrli, qiyməti olmayan hədiyyə idi. Rəhman, “Segah”ınla mənə və minlərə yaşatdıqların üçün var ol. Unutma, bu tək mənim yox, elini, obasını sevən hər kəsin duyğusudur. Duyğularımızı duyğulandıran duyğun həmişə ilham çeşməsində bir bulağa çevrilib qəlblərə sərinlik versin. Bu vergi payını qoru. O hələ çox ünvanlara çatacaq. Çünki əsl sənətin ünvanı xalq sevgisidir. Sən isə onu qazanmısan. Çalğındansa doymadım, Segah Rəhman!

Alim Nəbioğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA