cahantv.az

SON DƏQİQƏ

INANMAQ ISTƏMIRƏM MƏN BU GEDIŞƏ

16-07-2017, 19:23 | Oxunub: 718

INANMAQ ISTƏMIRƏM MƏN BU GEDIŞƏ


Esse
Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, SSR Ali Sovetinin deputatı olmuş Minayə xanım Əliyevanın parlaq xatirəsinə.

Getdin, bu dünyadan səssiz-səmirsiz. Səsin dünyanın bu tayından o tayına çatan, sözünün dəyəri, çəkisi, hökmü olan bacım. Sözün keçərliydi, ən ağır qapılar belə sözünlə açılardı. Sanki zamanı tez qabaqlayan saat kimi qurulmuşdun. Qabaqladığın zaman belə sözünün qabağında aciz idi. Zamanın sözünü sözün zamanında, vaxtında deyərdin. Ancaq vaxtından çox tez bizimlə vidalaşdın. Zamanı tez qabaqladığın saatın əqrəbləri də dayandı, erkən yağan yağışlar, qəfil əsən küləklər kimi. Xəstəlik də qəfil əsən küləklər kimi səni yaxaladı. Ən ağır problemləri, ən qlobal məsələləri həll edən kişi gücün xəstəliyə güc gələ bilmədi. Bəlkə unudulduğunu o mətin qəlbinə yük etdiyindən xəstəlik səni yaxaladı. Bəlkə gördüyün biganəlik, soyuqqanlılıq, bir zaman evinin daimi sakininə çevrilənlərin vəfasızlığı, zamanın gərdişi səni yordu, üzdü? Demədin, susdun...Yaxşılıq edib zirvələrə apardığın insanların üzüdönüklüyü sənin çinar qəddini əydi? Demədin, susdun... Dərdi tək çəkib, o dərdləri tək yaşadın. Bölüşmək, paylaşmaq istəmədin. İstəmədin ki, dərdi kifayət qədər olan doğmalarını dərdlə yükləyəsən, dərd yağışında isladasan. Gizli ağladın, gizli sızladın.
Xəyallar, ötən illər sirdaşın oldu. Gəzdiyin xarici dövlətlər, SSRİ və təbii ki, hər qurultayda, sessiyalardakı çıxışların gözlərin önündə canlandı. Gizlin ağlayanda bəzən qəfil güldün. Qəfil gedişin kimi. Getməyinlə böyük bir boşluq yaratdın ömrümüzdə. Durnalar, qaranquşlar geri dönür, dönə biləcəksənmi geri, əziz bacım! O boşluğu geri dönüşünlə doldura biləcəksənmi! Yoxsa təsəllimiz xatirə şəkillərin, lentə alınmış görüntülərin, bir də məzardan baxan o nurani siman, saf baxışın olacaq? Saf bir həyat yaşadın və saflığınla insanlara bu saflıq, xeyirxahlıq, böyük Azərbaycan, ulu öndər Heydər Əliyev sevgisi aşıladın. Vətən, dövlət, cəmiyyət, insanlıq sevgisini hər şeydən uca tutdun, əziz bacım, vüqarlı, vətənpərvər qeyrətli bacım. Niyə tələsdin? Demədin, susdun...
Şərəfli, nümunəvi, təmiz ömür yaşadın. Elə ona görə də müqəddəs Ramazan ayında dünyadan köçdün. Qəlbindəki Allah sevgisi səni bu müqəddəs ayda öz müqəddəsliyinə qovuşdurdu.
Bir zaman səni uzaq yollara aparan yollarda maşın seli sənə olan sevgiydi, insan axını, sənlə vidalaşmağa gələnlərin kəsilməyən ardı, arası sənin etdiyin xeyirxahlığın, yaxşılığının bariz təcəssümü, əksi idi, əziz bacım. Qəfil ölümünü eşidən dost-tanışların, tələbə yoldaşların ən uzaq rayonlardan belə həmin an gəldilər. Bir anın içində sənin vəfatın ildırım sürətilə hər yerə yayıldı. Vaxtında qazandığın hörmət idi ki, elindən, obandan insanlar axın-axın gəlirdi. O böyük izdiham, o insan seli cənazəni son mənzilə qədər əlləri üstündə apardılar. Bu hörməti, bu sevgini sən sağlığında qazanmışdın, əziz bacım.
Doğrunu yalanlar üzərində axtara-axtara doğruluq toxumu səpdin. Haqqı deyib haqqa tapındın, haqq adamı oldun. Neçə-neçə dağılmaqda olan ailəni bərpa etdin. Neçə-neçə insanı dəmir barmaqlıqlar arxasından çıxarıb ailəsinə qovuşdurdun. Neçə-neçə yetimə, kimsəsizə ana olub onlara toy etdin, evli, eşikli, isti ocaqlı etdin. Neçə-neçə günahsıza bəraət qazandırıb cəmiyyətə qaytardın. Bütün bunları sən etdin, xalqımın vüqarlı, əqidəli qızı, ziyalısı, millətinin, seçicilərinin sözünü deyən deputat bacım.
Zamanında tutduğun yüksək mövqeyindən asılı olmayaraq özünü heç kimdən üstün tutmadın, uşaqla uşaq, böyüklə böyük oldun. Elinin, obanın heç bir xeyir-şərindən qalmadın, daim cəmiyyət içində oldun. Səmimiyyətin və mehribançılığınla səni tanıyan hər kəsin qəlbində özünə rəğbət, sevgi və böyük hörmət qazandın. İşinə, evinə müraciət üçün gələnlərin heç birini naümid yola salmadın. İmkanın qədər hər kəsə köməklik etdin. Səmimi və sadəliyinə görə üstünə çoxlu sayda müraciətlər gəlirdi. Nəinki respublika daxilində, hətta ucqar Rusiyanın ayrı-ayrı şəhərlərindən də sənə rəsmi müraciət edənlər onlara kömək etməyini istəyirdilər. Demək sən bu qədər yüksək səviyyədə tanındığın halda, bir o qədər də sadə idin, mənim sadə və hörmətli bacım. Vəzifəndən istifadə edib heç zaman özünü öymədin, heç kəsə pislik etmədin. Pisliklərdən uzaq olub yaxşı əməllərlə ömrünü zinətləndirdin. Hər yerdə sənin təmiz adınla tanınaraq fəxr etdik. Halal zəhmətinlə, daim işgüzarlığınla doğmalarının və öz ömür yoluna parlaq nur saçdın. İstər Bakıda, istərsə də Moskvada keçirilən bütün qurultay və sessiyalarda fəal iştirak etdin. Alnıaçıqlığın, dinclik bilmədən çalışqanlığın, insanlarla xoş münasibətin, cəmiyyətdə tutduğun düzgün mövqe səni daha da zirvələrə ucaltdı. Dövlət də sənə öz diqqətini heç zaman əsirgəmədi. Çoxlu sayda orden və medallarla, müxtəlif sayda diplomlarla təltif olundun. Qəzet və jurnallarda haqqında tərif dolu yazılar, rəhbərlik etdiyin sahə ilə bağlı dövlət televiziyasında neçə-neçə verilişlər verildi. Dəfələrlə ulu öndər Heydər Əliyevlə olan görüşlərini, Moskvadan iş yerinə gələn yüksək rütbəli dövlət xadimləri ilə olan işgüzar söhbətlərini, lentə alınan çəkilişləri xatirə kimi daim qəlbində yaşatdın. Həm insanlığa, həm vətənpərvərliyə, həm də işgüzarlığa bir nümunə, örnək oldun. Sənin haqqında, adına mahnı bəstələndi. Onun ifaçısı qəfil dünyasını dəyişdiyindən o mahnı da oxunmamış yarımçıq qaldı, sənin yarımçıq ömrün kimi.
Bu acı ayrılıqla, əbədi getməyinlə susmur göz yaşları doğmalarının. Bu qəfil gedişinlə dayanmır göynərtisi, sızıltısı doğmalarının. Axı niyə tələsdin? Niyə? Niyə? Yoxsa xəstəliyinlə kimlərəsə yük olmaq istəmədin? İstəmədin ki, kimlərsə qulluğunda dayansın? Bəli, axı sən özün həmişə onların qulluğunda dayanardın. Başa düşürəm, anlayıram, bu sənin vüqarından doğdu. O vüqar ki, mədəniyyətdən mayalanıb, kökü Azərbaycan məhəbbəti, dövlət, dövlətçilik sevgisiylə cilalanıb.
O sevginçün var ol, ruhu ağ göyərçinə dönüb səmamızda bərq vuran bacım. Sən hər zaman qəlbimizdə yaşayacaqsan. Ancaq lənətlədiyim bircə ölümdür. Əgər ölüm bilsəydi kimi aparır, vallah ölüm özü belə ölərdi xəcalətindən. Ruhun şad olsun ağ mələkli, nurani simalı, ziyalı, əsl azəri xanımının siması, Minayə bacım. Ruhun müqəddəslərlə bərabər qidalansın.

Alim Nəbioğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA