cahantv.az

SON DƏQİQƏ

Səsi ilə Seyid Əzim Şirvanini heyran edən xanəndə - şamaxılı Mirzə Məhəmmədhəsən

11-06-2017, 22:38 | Oxunub: 498

Səsi ilə Seyid Əzim Şirvanini heyran edən xanəndə - şamaxılı Mirzə Məhəmmədhəsən

Məşhur xanəndə şirvanlı Mirzə Məhəmmədhəsən İsmayıl oğlu 1851-ci ildə Şamaxı şəhərində yoxsul dabbaq ailəsində anadan olmuşdur. O, ilk təhsilini mədrəsədə almış, burada fars və ərəb dillərini öyrənmişdir. Dabbaq İsmayıl kişi öz oğlunu mədrəsədə oxutmaqla, onu molla etmək niyyətində idi. Lakin Dabbaq İsmayıl öz arzusuna çatmır. Çünki balaca Məhəmmədhəsənin qəlbində xanəndə olmaq arzusu baş qaldırmışdı. Onun gözəl səsi vardı.

Mirzə Məhəmmədhəsənin bir xanəndə kimi ortalığa çıxmasında məşhur Şirvan müğənnisi Kərbəlayı Əkbərin böyük rolu olmuşdur. Kərbəlayı Əkbər məşhur musiqişünas Mahmud ağanın sarayında yaşayır və xanəndəlik edirdi. Kərbəlayı Əkbər sarayın yaxınlığında yaşayan Məhəmmədhəsənin gözəl səsini eşidib istedadına valeh olur. O, Dabbaq İsmayıla məsləhət görür ki, oğlunun musiqi təhsili almasına icazə versin. Beləliklə, Kərbəlayı Əkbər gənc Məhəmmədhəsənin müəllimi olmuş, ona muğam və təsnif havalarını öyrətmişdi.

Mirzə Məhəmmədhəsən gənc yaşlarında Şamaxıda qurulan dini mərasimlərdə fəal çıxış edir, dini mahiyyətli təsniflər oxumaqda şəhər əhalisi arasında məşhur olur. Məhəmmədhəsənin gözəl səsindən və musiqi istedadından xəbər tutan Mahmud ağa gənc xanəndəni öz sarayına dəvət edir. Məhəmmədhəsən xanəndəlik sənətinin incəliklərinə burada bələd olur. Mahmud ağa Kərbəlayı Əkbərdən sonra Məhəmmədhəsənin həyatında böyük rol oynayır. Mahmud ağa varlı mülkədar olsa da, dindən, səhalətdən uzaq idi. Buna baxmayaraq, tamahkar mollalar və seyidlər maddi cəhətdən Mahmud ağadan asılı olduqlarına görə ona bir söz deməkdən çəkinir, xəlvətdə lənət oxumaqla təsəlli tapırdılar. Hətta deyilənə görə bir gün məhərrəmlik mərasimi zamanı Mahmud ağa Mirzə Məhəmmədhəsəni və tarzən Topal Məhəmmədqulunu “heyratı” oxuda-oxuda məcsidə, oradan isə öz evinə qayıtmağa məcbur etmişdi. Köhnə şamaxılılar söyləyirlər ki, o öz nökərlərinə azan vaxtı pəncərələri bağlamağı tapşırmışdı. Təsadüfən pəncərə açıq olsaydı, Mahmud ağa öz nökərlərinin üstünə qışqırıb deyərdi: “Örtün pəncərələri! Bu məlun bayquşun səsini eşitməyim!”

Mahmud ağanın sarayında Məhəmmədhəsən musiqi elminə daha yaxından bələd olur. Mahmud ağanın müsabiqələrində yaxından iştirak edirdi. Mahmud ağanın məclislərində bir xanəndə kimi püxtələşən Mirzə Məhəmmədhəsən nəinki Şamaxı müğənniləri arasında birinci yer tutmuş, hətta Hacı Hüsü, Əbdülbaği Bülbülcan kimi böyük müğənnilərlə müsabiqəyə girmişdi.

Mirzə Məhəmmədhəsənin məlahətli səsi və ifaçılıq sənəti öz dövrünün bir çox görkəmli mədəniyyət xadimlərinin diqqətini cəlb etmişdi. Xanəndənin müasiri olan şair Seyid Əzim Şirvani də Mirzə Məhəmmədhəsənin səsinə və sənətkarlığına heyran olmuş və ona yüksək qiymət vermişdi. Bir gün bahar fəslində Seyid Əzim Şamaxı bağlarını gəzərkən gözəl bir səsin təğənni etdiyini eşidir. Şair ayaq saxlayıb dinləyir, oxuyanın Mirzə Məhəmmədhəsən olduğunu bilib bədahətən deyir:

Əqlimi əlimdən nə gülü yasəmən aldı.

Nə sünbülü reyhan, nə bağu çəmən aldı.

Davud məgər zində olub dəhrdə, Seyyid,

Arami-dilim sövti-Məhəmmədhəsən aldı.

Böyük müğənni Cabbar Qaryağdı oğlu da Mirzə Məhəmmədhəsənin xanəndəlik məharətinə yüksək qiymət vermişdi. O, öz xatirələrində Mirzə Məhəmmədhəsən ilə görüşünü və onun oxumağından aldığı xoş təəssüratı belə ifadə edir:

“...Məhəmmədhəsəni 1888-ci ildə Bakıda olduğum vaxt şamaxılı Hacı Əli Abbas uşaqlarının toy məclisində görmüşdüm. O toya tarzən Topal Məhəmmədqulu ilə gəlmişdi. Mən də yoldaşım tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdim. Onun çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim. Məzkur Məhəmmədhəsən el xanəndəsi olmaqla bütün camaatın hüsnrəğbətini qazanmşdı”.

Mirzə Məhəmmədhəsənin gözəl oxumaqlarını dinləyənlərdən biri də onun həmyerlisi, görkəmli maarif xadimi Camo Cəbrayılbəyli olmuşdur. Camo, Məhəmmədhəsənin oxumağından aldığı xoş təəssüratı belə xatırlayır:

“XIX əsrin axırları idi. 10-12 yaşında idim, yaxın qohumlarımdan birinin toyu idi. Toyu o zamanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsən idarə edirdi. Mən onu ilk dəfə bu toyda gördüm.

Xalq musiqisinə, muğamata, xüsusən tar çalmağa böyük həvəsim var idi. Məşhur xanəndənin oxumasını və ondan az məşhur olmayan tarzən Mehdiqulunun çalmasını ürək döyüntüsü ilə gözləyirdim.

Yaxşı yadımdadır. Məclis əhli Mirzədən (yəqin ki, hörmət əlaməti olaraq xalq onu ancaq “Mirzə” deyə çağırırdı.) “Çahargah” oxumasını xahiş etdi. Mirzə “Çahargah” muğamını Seyid Əzim Şirvaninin:

Güş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,

Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.

misraları ilə başlanan məşhur müxəmməsi ilə başladı. Yanıqlı xallar, şirin gəzişlər məclisdəkiləri valeh etmişdi. Muğamın hissələri arasında bir-birindən oynaq və cazibədar təsniflərin oxunması dinləyicilərlə bərabər mənə də xüsusi ləzzət verirdi. Mirzənin oxuması iki saata qədər çəkdi. Lakin məclis əhli doymamışdı. Onun gözəl səsini dübarə eşitmək istəyirdilər”.

Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik etmiş, hər yerdə Azərbaycan musiqisinin qızğın bir təbliğatçısı kimi çıxış etmişdi. O da klassik xanəndələr kimi bütün muğamları ustalıqla ifa etmiş, Zaqafqaziyanın bir çox yerlərində öz sənəti ilə tanınmışdı. Onun böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamları qoca dinləyicilərin qulaqlarında hələ də səslənməkdədir. Böyük nəğməkarın ömrünün son illəri ağır ehtiyac içərisində keçmişdi.

1916-cı ildə Mirzə Məhəmmədhəsənin həyatı və şeir yaradıcılığına həsr edilmiş “Nalə” kitabçasında onun son günləri belə təsvir olunmuşdu:

“...Bədbəxtlik deyilmi ki, dünyanın hər bir neməti ilə zövqiyab olmuş Mirzə Məhəmmədhəsən indi kor və kar olub güşənişini izlət məşəqqət olmuşdur. İndi ona heç kəs hörmət etmir. İndi o müstəqi-ehsan olmuşdur. Əvət nə bədbəxtdir o adam ki, ömrünün əvvəli əziz, axırı rəzil olsun”. Bu sətirlərdən göründüyü kimi, məşhur xanəndə ömrünün axırlarında kimsəsiz qalmış, heç kəs ona yardım əlini uzatmamışdı. Məhəmmədhəsən başına gələn hadisələri yazdığı şeirlərdə təsvir etmişdir. Onun şeirləri “Nalə” kitabçasında toplanmışdır.

Həmin kitabçaya “Bir neçə söz” sərlövhəli giriş məqaləsi, 192 misradan ibarət məsnəvi, 9 beytlik “Desinlər” rədifli qəzəl daxildir. Kitabçanın “Nalə” adlandırılması heç də təsadüfi deyildir.

Burada Məhəmmədhəsənin ağır ehtiyac içərisində yaşadığı günlərdə qəlbindən qopan ah-naləsi, fəryadı öz ifadəsini tapmışdır. Məhəmmədhəsən öz şeirlərinin birində yazmışdır:

Tuti qəfəsində deyibən bir vətən ağlar,

Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar.

həyat aşiqi, həssas ürəkli müğənni zülmət aləmində yaşamağa məhkum idi. Onun gözləri işığını itirmiş, qulaqları tutulmuşdu. Məhəmmədhəsən öz şeirlərində ürək ağrısı ilə yazırdı:

Karlıq, korluq göründü məndə,

Təqsirim nədir düşdüm kəməndə?

Bu qədər fələkdə naz olurmu,

Bir başa iki qapaz olurmu?!

İki qulağım, iki gözüm yox,

Bu mərhəmətə mənim sözüm yox.

Məhəmmədhəsənin şeirləri içərisində “Desinlər” rədifli qəzəli daha məşhurdur. Bu qəzəl uzun illərdən bəri xanəndələr tərəfindən oxunur. Cabbar Qaryağdı oğlu oxuduğu muğamlarda Mirzə Məhəmmədhəsənin qəzəl və şeirlərindən çox istifadə etmişdir. Seyid Şuşinski isə müğənninin “Nalə” kitabçasını həmişə qoltuq cibində gəzdirərdi. “Desinlər” rədifli qəzəlində şair-müğənni Məhəmmədhəsən həyatının qüssəli keçməsindən, günü qara olmasından, işığa həsrət qalmasından, bir sözlə, həyatının ah-nalə içərisində keçməsindən şikayətlənirdi:

Pərvanə kimi yandı könül narə desinlər,

Bülbül-qəmini güldən ötür xarə desinlər.

Göz yaşı töküb sübhə kimi, eylərəm əfqan,

Dil yarələnib, yarələrim yarə desinlər.

Çeşmi-siyahim yarələri yara görünməz,

Müjgan oxunu yarəsinə çarə desinlər.

Gəl etmə cəfa, eylə vəfa, ey qədi-rəna.

İnsaf deyil, dərdimi əğyarə desinlər.

Dil yarə, günüm qarə, qəmu dərdə nə çarə,

Dərd əhli bilir, dərdi xəbərdarə desinlər.

Məcnunluğu öyrəndi, gözüm Leylidə qaldı,

Mənsur kimi çəkdi məni darə desinlər.

Həsrətdi gözüm sübhü görə, sübh açılmır.

Şəb həsrətini ah ilə biçarə desinlər.

Tədbiri-qəza sağ əlimə verdi əsanı,

Neylim məni-biçarə, günü qarə desinlər.

Söndü gözümün şəmi, günüm qarə geyindi,

Mirzə, sinərin aləmə sədparə desinlər.

Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli bir müğənni kimi şöhrət qazanan Mirzə Məhəmmədhəsən 1917-ci ildə Şamaxıda vəfat etmişdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA