cahantv.az

İftixarlı tariximizin parlaq səhifəsi. Milli Qəhrəman Firidun İbrahiminin parlaq xatirəsinə

497 dəfə baxılıb 14-12-2017, 16:51

İftixarlı  tariximizin parlaq səhifəsi. Milli Qəhrəman Firidun İbrahiminin parlaq xatirəsinə

Müsahibim “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini, Milli Qəhrəman Firidun İbrahiminin adını daşıyan və onun qardaşı oğlu Firidun İbrahimidir.

- Siz, xalqımızın şərəf salnaməsini yaradanlar sırasında olan bir nəslin nümayəndəsisiniz. Təşkilatınız məhz niyə “İranlı Mühacirləri Cəmiyyəti” adlanır?

- Sualınız çox maraqlı və məntiqlidir. Əksinə bəziləri iradla, bəziləri maraqla bu xüsusda bizə müraciət edirlər, niyə məhz İran Mühacirləri Cəmiyyəti? Belə desək 1947-ci ildən bəri Arazın bu tayından pənah gətirənlərin bu və ya digər səbəblərdən gələnlərin tam böyük əksəriyyəti azərbaycanlıdır. Amma bunun mütləq surətdə çalarlarına varmaq üçün 1945-1946-cı illərin “21 Azər” hərəkatına diqqət yetirmək lazımdır. Bu hərəkat baş verərkən bilirsiniz ki, Azərbaycanın digər tayında Milli Hökumət quruluşu Seyid Cəfər Pişəvarinin rəhbərliyi altında və İran daxilində heç bir xalqın əldə edə bilmədiyi hüquqlar məhz o xalqa nəsib oldu və cəmi bir il çəkdi. Təbii ki, onun məğlubiyyət səbəblərindən biri də o idi ki, həmin dövrdə Amerika və Qərb heç vaxt imkan verməzdi ki, Azərbaycan vahid dövlət şəkilində birləşmək üçün bu imkanla genişlənsin. Bildiyiniz kimi “21 Azər” Hərəkatı dekabrın 12-də qalib gəldiyi kimi də bir ildən sonra dekabrın 12-də məğlubiyyətə uğradı. Və insanların böyük bir qismi Arazı adlayaraq öz qardaşlarına pənah gətirmək məcburiyyətində qaldılar. Pənah gətirənlərin sırasında “21 Azər”in qurucuları olan digər millətlərin də nümayəndələri var idi. Hansı ki, “21 Azər”indən sonra yüzlərlə, minlərlə insan şəhid oldular. Bunlara kürdləri, lorları, farsları və digər millətin nümayəndələrini misal göstərmək olar. Tək yekcins nümayəndələr deyildi ki, deyəsən hamısı azərbaycanlılardır. Bu insanları bir ad altında birləşdirmək üçün də gəldikləri dövlətin adına uyğun məhz “İranlı Mühacirlər Cəmiyyəti” adlandırıldı.

- Cəmiyyətin yaranma tarixi və zərurəti barədə qısa məlumat verərdiniz.

- Ümumiyyətlə, Seyid Cəfər Pişəvari dünyasını dəyişəndən sonra, Azərbaycanın 32 şəhər, rayon və kəndlərində məskunlaşmış bu insanların bir mərkəzdə idarə olunması üçün təşkilata ehtiyac var idi. Yəni bu təşkilat bu şəkildə ortaya qoyulmalıdır ki, onun siyasi məqsədlərə qulluq etdiyi nəzər çatmalıdır. Buna görə də 1947-ci ilin oktyabrında ilk növbədə mühacir komitəsi yarandı və 60-cı illərdə komitə “İranlı Mühacirlər” təşkilatına çevrildi. Bu cəmiyyət təkcə Azərbaycanda yox, eyni zamanda bütün SSRİ miqyasında, Avropada, Amerikada yaşayan iranlı mühacirləri əhatə edirdi. Və onlara rəhbərlik edən, istiqamət verən bir təşkilat idi. Bu təşkilat 1992-ci ilə qədər də həmin adla fəaliyyətini davam etdirdi. SSRİ-nin süqutundan sonra sosializm düşərgəsi arxivdən qalxandan sonra siyasi sözünə ehtiyac qalmadı. Daha rahat, daha geniş, əhatəli fəaliyyət üçün siyasi sözü imtina olundu, cəmiyyət 1992-ci ildə “İranlı Mühacirlər” adı ilə fəaliyyət göstərməyə başladı. 2015-ci ildə isə bu təşkilat artıq həm qeyri hökumət təşkilatı şəklində, həm də “İranlı Mühacirlər İctimai Cəmiyyəti” kimi fəaliyyət göstərdi. Bu zərurət də ondan irəli gəlir ki, biz 70-ci ildə yaşadığımız və fəaliyyət göstərdiyimiz bir cəmiyyətin fəaliyyətində və onun həyatında daha geniş iştirak etmək arzularımızı, istəklərimizi reallaşdırmaq üçün bilavasitə bu seçimi etmişik.

- Bu qədər əziyyətlərlə ərsəyə gətirdiyiniz işlər və fəaliyyətinizin hal-hazırda durumu necədir?

- Əvvəla mən bir qədər də durum deyəndə əvvəlki illərin məzənnəsinə aydınlıq gətirmək istərdim. Yuxarıda vurğuladım ki, 1992-ci ildəki məsələ sosializm düşərgəsinin aradan getməsilə bağlı bizim cəmiyyətdə də problemlər yaşamağa başladı. Lakin arxada fəxr etməli, qürurla danışmalı kifayət qədər faktlar var. Nədir bunlar? Burada bir haşiyəyə çıxım ki, biz haradasa avqust ayından QHT-yə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə layihə həyata keçirməyi nəzərdə tutmuşuq. O layihə artıq təsdiqlənib. Bu layihə eyni zamanda 70 ildə keçdiyimiz yola bir nəzərdir. O yol nədir? O yolun vüqar doğuran səhifələri o qədər zəngindir ki, kitablar yazmaqla da qurtaran deyil. Yəni bu 70 ildə belə desək bizim bu taya cəmisi barmaqla sayılacaq dərəcədə gələn ziyalıların sayı 200-ə yaxın, elmlər doktoru, namizədi və dissertasiya müdafiə elədi. Azərbaycanda elə bir aparıcı ali təhsil müəssisəsi, elm, tədqiqat müəssisəsi yoxdur ki, orada bilavasitə mühacirətə gəlib elmi zirvələrə yüksələn, öz bilik və bacarığını cəmiyyətin xeyrinə sərf eyləyən insanlarımız olmasın. Bu elm sahəsindədir. Minlərlə insan ali təhsil aldı. Dediyim kimi Azərbaycan iqtisadiyyatının bütün sahələrində bu cür insanlara rast gəlmək mümkündür. On min nəfər müxtəlif orden, medal, döş nişanlarına, digər təltiflərə layiq görüldü. 5 nəfər ədəbiyyatda böyük xidmətlərinə görə xalq şairi, xalq yazıçısı adına layiq görüldü. Bunlardan əməkdar mədəniyyət işçisi adına layiq görülənlər də oldu. Siz onları çox yaxşı tanıyırsınız.

- Bəli, mən səhv etmirəmsə onlardan Əli Tudə, Mədinə Gülgün, Hökümə Billurəni, Balaş Azəroğlunu və digərlərini misal göstərə bilərik.

Çox düzgün vurğuladınız. O insanlardan neçə-neçə qələm əhlimiz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və onların yüzlərlə kitabı işıq üzü görüb. Onların hər biri deyərdim ki, Azərbaycan oxucusunun stolüstü kitabına çevrildi. Eyni zamanda idman sahəsində onlarca idman ustamız var ki, onların da Azərbaycan bayrağının qaldırılmasında xidmətləri olub. Mən bir misal çəkim ki, Şamaxıda İdman Kompleksinə rəhbərlik edən Rövşən Əkbərli, SSRİ yığma komandasının baş məşqçisi Elxan Tadayevi məğlub eyləyən pəhləvanlarımızdandır. Yəni Rusiyada yüzlərlə dünya çempionları, Avropa, olimpiya çempionları var ki, belə bir insanlarımız, iranlı mühacirlərimiz onların övladlarıdır. Azərbaycanı bir vətən kimi sevirlər, onun uğrunda şəhadətə getməyə hazır olduqlarını döyüş bölgələrində, səngərlərdə göstərirlər. 3 nəfər Milli Qəhrəmanımız var. Azərbaycanın elə bir şəhidlər xiyabanı yoxdur ki, orada iranlı mühacirlər ailəsinə məxsus igidlərin məzarları ziyarət edilməsin. Siz Fəxri Xiyabana getsəniz orada Poladi soyadında bir qəhrəman var ki, o, əmisi Saleh Poladinin adını daşıyır. Əmisi Saleh Poladi ”21 Azər” hərəkatında şah tərəfindən dara çəkilərək oradaca şəhadətə qovuşubdur. Bu gün isə onun qardaşı oğlu Azərbaycanın istiqlalı üçün canını, qanını qurban verənlərdəndir. Bu, bizim keçmişimizə qısa bir səyahətdir. Deyərdim ki, “İran Mühacirləri Cəmiyyəti”-nin niyəsinə nəzər salanda bu gün Qarabağ uğrunda şəhid olanların sırasında farslar da, kürdlər də var. Biz ona görə “İranlı Mühacirlər Cəmiyyəti” adlanmaqda çəkinmirik, əksinə daha böyük qüvvəyə malik olmağımızla fəxr edirik.

- Cəmiyyətinizlə bağlı İran-Azərbaycan münasibətləri haqda nə deyə bilərsiniz?

- Bizim nizamnamədə göstərilir ki, bu təşkilat Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına dəstək verir. Bu indiki ideoloji məsələləri, daha çox millətlərin, dövlətlərin münasibətlərini əvəzləyibdir. Yəni hər iki dövlət sülh, əminamanlıq, dostluq şəraitində yaşayırsa, ondan biz də fayda götürəcəyik, İran xalqı da. İnsanlar malik olduqları bilikləri, malik olduqları ənənələri bir-birinə ötürməli, bir-birindən faydalanmalıdırlar. Ona görə də bu günləri belə hesab edirik və düşünürük ki, Azərbaycan Respublikası ilə İran islam respublikası arasındakı səmimi münasibətlər bizim də ürəyimizcədir.

- Bundan başqa digər təşkilatlarınız varmı?

- Ümumiyyətlə, Seyid Cəfər Pişəvarinin rəhbərliyi altında gələn insanlar, yəni mühacirət tək 1946-1947-ci illərdə olmayıb. Eyni zamanda bu günlər İranda baş verən siyasi cərəyanların hər biri mühacir axınına səbəb olubdur. Məsələn “Müstəntiq” hərəkatı vaxtı bir qisim adamlar Xosrov Zibeyinin şəhadətindən sonra zabitləri 80-ci illərin mühacirləri idi. İndi də ara-sıra gəlirlər. Bu və ya digər səbəblərdən bəllidir ki, bu təşkilat hər bir insanın üzünə daim açıqdır. Ancaq ki, niyyətləri və amalları təmiz və pak olsun.

- Firidun İbrahim qəhrəman Firidun İbrahimi ilə fəxr duyurmu və əmisinin həyat keçirə bilmədiyi arzuları həyata keçirə bilirmi?

- Tarix elə şəxsiyyətlər yetişdirir ki, o insanlarla qürurlanmaq, vüqarlanmaq hər birimizin daxilindən gələn bir vicdani borcdur. Belə desək mən də o qəhrəmanın sələfi olmağımla, onun adını daşımağımla, yolunu davam etdirməyimlə əlbəttə ki, fəxr edirəm. Sözsüz ki, indiki dönəm başqa dönəmdir. Firidun İbrahimi təkcə Azərbaycanın yox, bütün İran xalqının qəhrəmanıdır. Ümumiyyətlə, o insan həyatını təkcə Cənubi Azərbaycan vilayətinə görə qurban verməyib, bütün İran xalqlarının azad və gələcəkdə firavan yaşamaqları üçün başqaları kimi o da öz canından keçmişdir. Artıq 70 il keçəndən sonra Bakıda BMM-də 70 illik anım günü keçirildi. Həmin anım gününə biz neçə vaxt qabaqcadan hazırlaşdıq, böyük ictimaiyyətə məlum olmayan qədim Azərbaycan tarixindən olan kitabı təqdim etdik. Doğrudan da həmin kitab çox böyük bir marağa səbəb oldu. İndiki halda orada göstərilən məqamlar yenidir və Azərbaycanın qədim tarixini bir daha təsdiq edən faktlar bu kitabda göstərilir. Sözsüz ki, bu yol davam edilməlidir. Təkcə mən onun qardaşı oğlu adını və soyadını daşıyan Firidun İbrahimi tək yox, bütün bizim cəmiyyət və cəmiyyətin üzvləri bu ideya ilə yaşayırlar. Bundan əvvəl bizim sədr vurğuladı ki, qapılarımız hər bir şəxsə, mühacirə açıqdır, əlbəttə ki, düz niyyətli, saf amallı insanlara. Bizə verilən nizamnamənin əsasında bizim ictimai birlikdə bütün sahələrdə məşğul olacağıq. Məsələn, elmlə, musiqilə, tədrislə, tariximizlə, mədəniyyətimizlə. İctimaiyyət bilsin ki, bu cəmiyyət hansı fəaliyyətləri göstərir. Azərbaycan xalqı naminə bizim Rəhim müəllim demişkən nəvələr, nəticələr burada olan mühacirlərin sayını çoxaldır. Biz bunları cəmləşdirmək və göstərmək istəyirik ki, bilsinlər onların ataları, babaları harada işləyib, necə fəaliyyət göstəriblər. Bizim borcumuzdur ki, tariximizi bu nəvə-nəticələrə bildirək və onlar da ona görə bilməlidirlər ki, bizim bu yolda apardığımız fəaliyyətimiz itib-batmasın. Həyatdan köçmüş insanların ideyaları bu gün də həyata keçməkdədir. Biz də bunun üçün çalışırıq. Tərəfimizdən bu həyata keçənlər nə itməyəcək, batmayacaq, nə də ki, yaddan çıxmayacaq. Çünki bu, Azərbaycan xalqının tarixidir. Bunu da qeyd edim ki, yuxarıda göstərdiyim kimi BMM-də keçirilən anım günündə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının prezidenti Eldar İsmayılov böyük bir ehtiramla bizə yanaşdı, 24 may 2017-ci il tarixində keçirilən bu anım günüdə çox dəyərli çıxışı ilə iştirak etdi. Rəhbərlik etdiyi fondun və jurnalın ağsaqqallar şurasının qərarı ilə Azərbaycan Milli Hökumətinin Baş Prokuroru, görkəmli inqilabçı, ictimai-siyasi xadim, jurnalist-publisist Firudin Qəni oğlu İbrahiminin şəhadətinin 70 illiyi münasibətilə “Dədə Qorqud” və “Vətən övladı” ordeni mükafatı ilə təltif etdi. Bu mükafat tək Firidun İbrahimiə deyil, onun simasında bütün qəhrəmanlara, bir nəslə və tariximizə verilən mükafat idi. Həm də eyni zamanda bizim təşkilata, mühacirlərə verilən bir mükafat oldu. Ona öz cəmiyyətimiz adından öz dərin təşəkkürümü bildirirəm.

- Gələcək planlarınız, perspektivləriniz haqda nə deyə bilərsiniz?

- Qısa da olsa son seçkidən bəri görülən işlərdən də danışmaq istərdim. Bizim hesabat seçki yığıncağımız fevral ayında olub. Cəmi 4-5 ayın içində görülən işlər haqda demək istərdim. Bizdə qadınlar təşkilatı yenidən bərpa olunub, yazarlar birliyimiz 25 ildən sonra bərpa olunub, “Mühacir” qəzeti 19 ildən sonra bərpa olub, bir müddətdir ki, “Məşəl” ansamblının bərpası istiqamətində işlər gedir. Bundan əlavə Rusiyanın İvanova şəhərində beynəlxalq internat evi var, dünyanın 70-80 ölkəsinin kommunist-fəhlə və azadlıq hərəkatı rəhbərlərinin uşaqları orada təhsil alıblar. Onları da bir araya gətirən “İvanova məzunları” birliyi yaratmışıq. Azərbaycanın çox hörmətli mütəxəssislərindən biri də həmin birliyin rəhbəridir. Qarşıda görəcəyimiz işlər həddən artıq çoxdur. Onu da qeyd edim ki, bu işlərin görülməsində “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı bizim dəstək gördüyümüz və görəcəyimiz qurumlardan biridir. Eldar İsmayılov başda olmaqla bu hər iki qurum cəmiyyətimizin dostu və qardaşları sırasındadır. Bundan əvvəlki tədbirlərdə də Eldar İsmayılovdan eyni həssaslığı və diqqəti görmüşük.

- Sonda öz məramınız və məqsədiniz haqda nə deyə bilərsiniz?

- Bizim məramımız və məqsədimiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının daha da inkişaf etməsinə və bizim dövlətə cənab prezident tərəfindən edilən bütün xeyirxah işlərdə ona dəstək olmaq, onunla bir olmaqdır. Son nəfəsimizə qədər də bir olacağıq. Bizə ayırdığınız diqqətə görə sizə də öz dərin minnətdarlığımı bildirirəm.

Mehriban Bəylərqızı


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi