cahantv.az

SON DƏQİQƏ

Prezident İlham Əliyev: "Bu layihə bizə milyardlarla dollar qazandıracaq"

25-12-2018, 10:22 | Oxunub: 194

Prezident İlham Əliyev: "Bu layihə bizə milyardlarla dollar qazandıracaq"

Dünyanın enerji xəritəsində artıq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb və bu format həm ikitərəfli, həm də üçtərəfli planda çox böyük perspektivlərə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib: “Neft və qaz kəmərlərinin tikintisi planı baxımından enerji layihələrimizi hələ 2000-ci illərin əvvəllərində həyata keçirməyə başlamışıq. Dünya bazarlarına çıxmaq üçün infrastruktur yaratmaq lazım idi, çünki bizim açıq okeana çıxışımız yoxdur”.

İlham Əliyev qeyd edib ki, Rusiya bir müddət əvvəl bu istiqamətdə addımlar atıb: “Uzun illər öncə “Mavi axın” layihəsinin reallaşdırıldığını xatırlayırıq. Həmin layihə indi bir qədər unudulub, lakin bu da Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəməri tikintisi layihəsidir. Yəni prinsip etibarilə bu il “Türk axını”nın dəniz mərhələsinin açılışı yeni bir şey deyil. Sadəcə Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı siyasi əməkdaşlıq bu layihəni həyata keçirməyə və ya reallaşdırmağı sürətləndirməyə imkan verdi”.

Prezidentin sözlərinə görə, bu səbəbdən Azərbaycan Rusiya və Türkiyənin dostu olaraq bu layihəni alqışladı: “Biz bu layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”.

“Cənub Qaz Dəhlizi”nə gəlincə, İlham Əliyev deyib ki, bu layihə rəsmi olaraq may ayında işə salınıb: “Bu layihə dörd mühüm müstəqil layihəni birləşdirir – “Şahdəniz” iri qaz-kondensat yatağının işlənməsi və inteqrasiya olunmuş üç qaz borusunun tikintisi. Bu günədək bu dörd layihənin 3 seqmenti artıq icra olunub”.

Dövlət başçısı deyib ki, may ayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin rəsmi açılışı oldu: “Beləliklə, biz Türkiyə bazarına, daha sonra Avropa bazarına böyük həcmdə qaz nəql edəcəyik. Bu, həmçinin bizim siyasətimizin davamıdır, çünki 2007-ci ildə Bakıdan Türkiyənin Ərzurum şəhərinə qaz kəmərinın açılışını etdik və biz Türkiyə bazarına qaz ixracatçısı olduq”.

Prezident qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycana Türkiyə bazarına qaz ixracını təxminən iki dəfə artırmağa və Türkiyə ilə qonşu ölkələrin bazarlarına, daha sonra Qərbi Avropaya çıxmağa imkan verəcək:

“Bu bizə böyük qaz potensialımızı reallaşdırmağa imkan verəcək və büdcəyə milyardlarla dollar vəsait gətirəcək. Bu, artıq minlərlə, bəlkə də on minlərlə iş yerləri yaradıb. Əlbəttə ki, bu, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Bu istiqamətdə Azərbaycan, Rusiya və Türkiyənin birgə səyləri bizə nəinki planlarımızı tam şəkildə həyata keçirməyə və maraqlarımızı təmin etməyə imkan verəcək, eləcə də enerji ehtiyatlarımızın inkişafı və nəqli planında mükəmməl proqnozlaşdırılan siyasətə malik olmağa imkan verəcək”./Trend/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA