İlham Əliyev dediyini etdirdi: Bakıdan icazəsiz gələnlər Qarabağa buraxılmır

“Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına dair iclasda bu mesajı vermişdi.

Bu həmin vaxt idi ki, Ermənistanın xarici işlər naziri Xankəndidə qanunsuz səfər edir, analoji addımları digər erməni rəsmiləri və siyasətçiləri də atırdı. Azərbaycan lideri qəti və son xəbərdarlığını etdi:

– Qarabağda ermənilərin yaşaması üçün ayrılan bölgə – Xankəndi, Xocavənd və Xocalı Azərbaycan torpağıdır;
– Bu bölgələrə səfər edən istənilən xarici vətəndaş – Ermənistan rəsmiləri, beynəlxalq təşkilatlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla), istənilən ölkənin nümayəndə heyəti Azərbaycandan icazə almalıdır;
– Azərbaycan qanunsuz səfərlərə səssiz qalmayacaq: Fransa nümayəndə heyətinin qanunsuz səfərindən sonra bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və nota verilib;
– Azərbaycan Ermənistanın istənilən təxribata qarşı dəmir yumruqla cavab verəcək;
– Sülhməramlı qüvvələrin funksiyası 10 noyabr razılaşmasında təsbit olunub, lakin bu funksiya yerinə yetirilmir;
– Rəsmi Bakı sülhməramlıların funksiyasından kənar fəaliyyətindən məlumatlıdır, lakin indiki hava şəraitində ermənilərin yaşaması üçün problemin olmaması üçün buna göz yumur;

Prezidentin çıxışında bu mesajlar açıq şəkildə əksini tapdı:

“Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq…
Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq…

Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, – ancaq Qırmızı Xaç istisna olmaqla, – oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.
Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.

Fransadan Xankəndinə gəlmək istəyən jurnalist heyətinin Laçın dəhlizindən geri qaytarılması və onlara yalnız rəsmi Bakının icazəsi ilə bölgəyə gəlməyin mümkün olduğunun bildirilməsi Azərbaycan liderinin prinsipial mövqeyinin nəticəsini göstərir.

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirir ki, Bakının icazəsi olmadan Qarabağa gələn xarici jurnalistlər əraziyə buraxılmır.

Fransada keçmiş merlərdən birinin rəhbərliyi ilə fransalı jurnalistlər Qarabağa gəlmək və orada baş verənləri işıqlandırmaq istəyib. Onlar bir neçə gün öncə İrəvana gəlib, rəsmi icazə alaraq, Xankəndinə yola düşüb. Lakin rus sülhməramlılar Laçın dəhlizində onların qarşısını kəsərək bildiriblər ki, Ermənistanın verdiyi icazə etibarsızdır, çünki bura Azərbaycan ərazisidir və icazəni Bakıdan almaq lazımdır”, – Minasyan bildirib.

Bu, faktiki olaraq, Qarabağa gələn xarici vətəndaşların Bakının icazəsi olmadan bölgəyə buraxılmamasının ilk hadisəsidir və bir daha təsdiq edir ki, Azərbaycan lideri prinsipi mövqeyindən geri çəkilmir.

Prezident İlham Əliyev qanunsuz səfərlərə imkan verilməcəyini dedi və dediyini etdi. Bunun fonunda bəzi iddialara, yaxud informasiyalar üzərindən edilən manipulyasiyalara baxmayaraq əminliklə deyə bilərik: Qarabağ Azərbaycandır!

\ Publi.az\