İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir

Bunu Trend İnformasiya Agentliyinin “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə müsahibəsində Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Gürcüstan-Türkiyə elektrik körpüsü var:

“500 kilovattlıq bir xəttin ötürmə gücü 650 mVt-dır. Bizim İranla 550 mVt-lıq, Rusiya ilə isə 350 mVt-lıq ötürmə gücünə malik xətlərimiz var. Hazırda İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.

Ə.Həsənov qeyd edib ki, sözügedən tədbirlər və bərpa proqramı nəticəsində səmərəlilik təmin edilməklə çox böyük işlər həyata keçirilib:

“Hazırda elektrik enerjisində şərti yanacaq miqdarında çox ciddi azalmalar əldə olunub. Ötürücü və paylayıcı şəbəkələrdə itkilərin miqdarı kəskin şəkildə azaldılıb, eyni zamanda stansiyaların xüsusi sərfiyyatının azaldılması normaya çatdırılıb. Bununla əlaqədar çox böyük ixrac potensialımız olub. Elektrik kəsintiləri ilə əlaqədar xaricdən elektrik enerjisi idxal olunurdu. 2007-ci ildən başlayaraq artıq özümüz elektrik enerjisi ixrac edirik. Sadəcə keçən il 1,4 milyard kilovatsaatdan çox elektrik enerjisi Türkiyə və Gürcüstana ixrac olunub”.