Koronavirusa görə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri açıqlandı İQTİSADİYYAT

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

S.Məmmədxanov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.