Bakıda yandırılmış kişi meyiti tapılıb – FOTO

 

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.

Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.